Qayıtmaq

Pirşağı-Sumqayıt

Pirşağı-Sumqayıt

2020-ci ilin martın 18-də Abşeron dairəvi xəttinin Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Yenidən qurulan Pirşağı-Görədil-Novxanı-Sumqayıt sərnişin xəttinin açılışı ilə Abşeron dairəvi dəmir yolu tam istismara verilib. Belə ki, Bakı sərnişin-Keşlə-Koroğlu-Bakıxanov-Sabunçu dəmir yolu xətti 2019-cu ilin mayında, Sabunçu-Zabrat 1-Zabrat 2-Məmmədli-Pirşağı dəmir yolu xətti isə 2019-cu ilin noyabrında artıq istismara verilib. Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir.

Yenidən qurulan Görədil dayanacağının ümumi sahəsi 6,3 min, Novxanı dayanacağının ümumi sahəsi isə 8 min kvadratmetrdən çoxdur. Xətt boyu yerləşən bütün dayanacaqlarda yeni platformalar, yeraltı piyada keçidləri, avtomobillər və velosipedlər üçün dayanacaqlar inşa edilib. Pirşağı-Görədil-Novxanı-Sumqayıt sərnişin dəmir yolu xətti istiqamətində 3 avtomobil tuneli və 8 piyada keçidi layihələndirilib.