Qayıtmaq

Sabunçu-Pirşağı

Sabunçu-Pirşağı

2019-cu il noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi xəttinin Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Aparılan yenidənqurma işləri çərçivəsində Zabrat-1, Məmmədli dayanacaqları, Pirşağı və Zabrat-2 stansiyaları yenidən qurulub. Dövlətimizin başçısı Pirşağı stansiyasında Sabunçu-Pirşağı xəttinin rəmzi açılışını bildirən lenti kəsdi və stansiya ilə tanış oldu.

2019-cu il dekabrın 29-da “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Pirşağı qəsəbəsində inşa edilən avtomobil tunelinin açılışı olub. Yeni tunelin inşası qatarların və avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bərabər, tıxacların qarşısının alınması, sürücülərin və sərnişinlərin mənzil başına vaxtında və rahat çatması baxımından da mühüm rola malikdir. Pirşağı qəsəbəsində yerləşən bu tunel Bakı dairəvi avtomobil yolu ilə Abşeron dairəvi xəttinin 28-ci kilometrliyində kəsişir. Tunelin qapalı hissəsinin uzunluğu 160, eni 31, hündürlüyü 6, ümumi uzunluğu isə 566 metrdir.

Dəmir yolu xəttinin avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində bu cür tunellərin inşası çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu layihə qatarların sürətli, fasiləsiz və qrafikə uyğun hərəkətinin təmin edilməsində vacib rol oynayır. Bu, eyni zamanda, avtomobillərin də hərəkətinin intensivliyini təmin edir. Beləliklə, qatarlarla avtomobillərin hərəkəti bir-birinə mane olmadan təhlükəsiz həyata keçirilir.